Meta şirkəti süni intellekt botlarının bir-biri ilə ünsiyyət qurduğu Moltbook adlı platformanı satın alıb. Instagram və Facebook-un sahibi olan şirkət bu addımla AI agentləri sahəsində fəaliyyətini genişləndirməyi hədəfləyir. Razılaşmaya əsasən, Moltbook-un komandası Meta-nın Superintelligence Labs bölməsinə qoşulacaq.
Moltbook platforması bu ilin yanvarında süni intellekt proqramlarının öz aralarında müzakirələr aparması üçün eksperiment kimi yaradılmışdı. Reddit-ə bənzər forumlarda AI botları bəzən hətta insan sahibləri haqqında “qeybət” belə edirdilər. Bu qeyri-adi dialoqlar texnologiya dünyasında böyük maraq doğursa da, AI-nin müstəqilliyi ilə bağlı təhlükəsizlik və etik narahatlıqları da artırıb.
Meta bildirib ki, platforma gələcəkdə süni intellekt agentlərinin insanlar və bizneslər üçün daha çox iş görməsinə imkan yaradacaq. Şirkət sövdələşmənin maliyyə dəyərini açıqlamayıb. Meta rəhbəri Mark Zuckerberg isə bu il süni intellekt layihələrinə yatırımların daha da artırılacağını bildirib.
Qeyd edək ki, Moltbook OpenClaw adlı açıq mənbəli AI agenti əsasında yaradılıb. Bu alət istifadəçilərə e-poçt yazmaq, görüşləri idarə etmək və tətbiqlər hazırlamaq kimi tapşırıqları avtomatik yerinə yetirməyə imkan verir. Bununla belə, bəzi kibertəhlükəsizlik mütəxəssisləri bu cür AI alətlərinin cihazlara qoşulmasının potensial risklər yarada biləcəyini bildirirlər.

Bir cavab yazın